Şabran rayonu ərazisində quduzluğa qarşı peyvəndləmə tədbirləri həyata keçirilib
  • 1
  • 19 mart 2026, cümə axşamı

Şabran rayonu ərazisində quduzluğa qarşı peyvəndləmə tədbirləri həyata keçirilib

Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində əhalinin maarifləndirilməsi də nəzərdə tutulur. Belə ki, tədbirdən əvvəl Şabran rayon Dövlət Aqrar İnkişaf Mərkəzində quduzluğa qarşı peyvəndləmənin əhəmiyyəti mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri, ictimaiyyət nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin, rayon gigiyena və epidemioloji mərkəzin nümayəndələri, eləcə də fermerlər iştirak ediblər.

Görüşdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov quduzluğa qarşı aparılan peyvəndləmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə ölkəmizdə davamlı tətbiq olunur. Quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda gözün və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılmasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zəncirinin qırılmasıdır. O, müasir dünya təcrübəsinə uyğun olaraq yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yemlər vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyini bildirib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonra Şabran rayon kənd ətrafı meşəlik zolaqlarında və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasına xidmət edir.

Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yemlər tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ