İsmayıllıda aqrar sahədə həyata keçirilən tədbirlərin icra vəziyyəti yerində araşdırılıb
  • 2
  • Friday, November 27, 2026

İsmayıllıda aqrar sahədə həyata keçirilən tədbirlərin icra vəziyyəti yerində araşdırılıb

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı rayonunda monitorinq keçirilib.

Prezident Administrasiyasının, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məsul şəxsləri, eləcə də Dövlət Proqramının icrasını təmin etmək məqsədilə yaradılmış rayon qərargahının üzvləri bir sıra kənd təsərrüfatı müəssisələrində olublar.

Səfər zamanı “İvanovka təbii qida məhsulları” MMC, “AAFT” MMC, Qalıncaq kəndində yerləşən meyvə bağı, Kürdmaşı kəndində fəaliyyət göstərən quşçuluq müəssisəsi və digər aqrar təsərrüfatlara baxış keçirilib, təsərrüfatların mövcud fəaliyyəti, istehsal imkanları və həyata keçirilən layihələrin gedişi ilə tanışlıq olub.

Monitorinq zamanı rayonun kənd təsərrüfatı üzrə mövcud imkanlarından daha səmərəli istifadə, istehsalın həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub. Təsərrüfatlarda qısa müddət ərzində görülən işlər diqqətə çatdırılıb, fəaliyyətin genişləndirilməsi, istehsal potensialının artırılması və yeni imkanların dəyərləndirilməsi ilə bağlı sahibkarlara tövsiyələr verilib.

Təsərrüfat rəhbərləri ilə görüşlərdə onların təklifləri və qarşılaşdıqları məsələlər dinlənilib. Mövcud məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birgə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ