Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
  • 134
  • Saturday, September 13, 2025

Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib

Sentyabrın 13-14-də Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam eduib.

Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına da təkan verir.

Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon litr şərab istehsal olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq”.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxil edilib.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak ediblər.

Tədbirdə yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilib, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanıblar.

Həmçinin festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənib.

Festival ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin həyata keçirdiyi “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində 17 ali məktəbin tələbələri tərəfindən təqdimatlar keçirilib.

Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara qatılmaq fürəsti əldə ediblər.

Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətə çevrilib.

Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla başa çatıb.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ