Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
  • 7
  • 9 iyul 2026, cümə axşamı

Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

Əkin sahələrinin 67 faizində biçin yekunlaşıb.

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə iyulun 9-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb.

Mövsüm ərzində 642 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 251 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 224 603 hektar buğda, 418 093 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 182 ton buğda, 1 367 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.

Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb, Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ