Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı və “Grand-Agro İnvitro” MMC-nin dəstəyi ilə Tərtər rayonundan olan fermerlərə “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim keçirilib. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlər aqronomluq, bağçılıq və tingçilik sahələri üzrə beynəlxalq məsləhətçi, ixtisaslaşmış şirkətin baş icraçı direktoru Cihangir Korkmaz tərəfindən aparılıb. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin, “Grand-Agro İnvitro” MMC-nin əməkdaşları, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti, fermerlər, sahibkarlar, aqronomlar və tingçiliklə məşğul olan şəxslər iştirak ediblər.
Master-klassın əsas məqsədi fermerlər arasında sertifikatlı tinglərin düzgün seçimi və istehsalı, intensiv meyvə bağlarının planlı şəkildə salınması, məhsuldarlığın artırılması və gəlirli bağ təsərrüfatlarının qurulması, həmçinin bağların effektiv idarə olunması üzrə bacarıqların formalaşdırılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı, iqlim dəyişiklikləri və bazar tələbləri fermerlərin daha müasir və innovativ yanaşmalar tətbiq etmələrini zəruri edir. O qeyd edib ki, müasir aqrar texnologiyaların tətbiqi, sertifikatlı tinglərdən istifadə məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda kənd təsərrüfatının daha dayanıqlı inkişafına mühüm töhfə verir. O vurğulayıb ki, Aqrar Təlim Mərkəzi fermerlərin, aqronomların və digər aqrar mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq nəzəri və praktiki təlimlər təşkil edir. Təlim proqramları fermerlərin real ehtiyacları və bölgələrin xüsusiyyətləri nəzərə alınaraq hazırlanır.
Tədbirdə çıxış edən “Grand-Agro İnvitro” MMC-nin direktoru Ramil Əzməmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və meyvəçilik sektorunun inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib. O bildirib ki, şirkət müasir laboratoriya şəraitində klonlaşdırma üsulu ilə viruslardan azad bitki materialının çoxaldılması istiqamətində fəaliyyət göstərir və bu yanaşma sağlam, yüksək məhsuldarlığa malik bağların salınmasına mühüm töhfə verir.
Tədbir çərçivəsində fermerlərə nümunəvi təsərrüfatda meyvə ağaclarının formalaşdırılması və budanması qaydaları praktiki şəkildə izah olunub. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.
Mənbə: AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ